“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun 29 iyul 2026-cı il tarixində onlayn qaydada növbəti iclası keçirilmişdir.

İclasda işçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planı və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı təsdiq edilmiş 2026-cı il üzrə Yol Xəritəsi çərçivəsində cari ilin 1-ci yarımilliyi ərzində görülmüş işlər barədə ətraflı məlumatlar təqdim edilmiş və müzakirələr aparılmışdır. 

Fəaliyyət Planında KOB subyektlərinin maliyyələşdirilməsi, sahibkarların maliyyə maarifləndirilməsi proqramlarının icrası, bank, sığorta və kapital bazarlarının inkişafı, startaplar üçün maliyyə əlçatanlığı, maliyyə sektoru üzrə tənzimlənmə çərçivəsinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, özəl sektora daxili kredit qoyuluşları, mikromaliyyə təşkilatları tərəfindən verilən kreditlər və digər aidiyyəti tədbirlər barədə görüş iştirakçıları məlumatlandırılmışdır. Habelə, Yol Xəritəsində biznes kreditləşməsi, təminatlı əqdlər və elektron ödənişlər üzrə tənzimləmə çərçivəsi, kredit büroları və yüklülük reyestrlərinin fəaliyyəti kimi mühüm tədbirlərin icra vəziyyəti müzakirə olunmuşdur. Həmçinin işçi qrupunun 05 iyun 2026-cı il tarixli iclasında qəbul edilmiş qərarların icra vəziyyətinə dair hesabat dinlənilmişdir. İclasda 2026-cı ilin 1-ci yarımilliyi üzrə hesabatlar ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Mərkəzi Bankın və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin sədarəti ilə keçirilmiş iclasda İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Biznesin İnkişafı Fondunun, İpoteka və Kedit Zəmanət Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Kredit Bürosunun, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi Aparatının, Bakı Fond Birjasının, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları Assosiasiyasının nümayəndələri və özəl sektorun işçi qrupunda təmsil olunan üzvləri iştirak etmişdir.