20 noyabr 2025-ci il tarixində Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun növbəti görüşü keçirilmişdir.
Onlayn formada təşkil olunan görüş zamanı altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupunun fəaliyyət istiqamətləri barədə məlumat verərək altqrupun 2024-cü il üçün Yol Xəritəsində öz əksini tapan tədbirlərin uğurlu icrasının ölkəmizin beynəlxalq reytinqlərdə irəliləməsinə töhfə verdiyini nəzərə çatdırmışdır.
Görüşün gündəliyinə uyğun olaraq Yol Xəritəsinin müvafiq bəndlərinin icrası istiqamətində görülmüş işlərə dair məlumatlar verilmiş, xüsusilə İqtisadi Şuranın tərkibində yaradılmış “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları” üzrə İşçi Qrupunun müvafiq altqrupları tərəfindən biznes subyektlərinin fəaliyyətinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi ilə bağlı irəli sürülmüş təkliflərlə əlaqədar fikir mübadiləsi də həyata keçirilmişdir.
Bildirilmişdir ki, dövlət-biznes dialoqunun inkişaf etdirilməsi, xarici ticarət iştirakçıları üçün əlverişli münbit şəraitin yaradılması və keçirilən görüşlər zamanı xarici ticarət iştirakçıları tərəfindən qaldırılan sualların operativ qaydada cavablandırılması dövlət orqanları ilə biznes subyektləri arasında əməkdaşlığın bariz nümunəsidir.
Sonda, altqrupun rəhbəri, Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov tərəfindən qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tədbirlərin vaxtında və keyfiyyətli icrasının təmin edilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Məlumat üçün bildiririk ki, “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupuna rəhbərliyi Dövlət Gömrük Komitəsi həyata keçirir.